Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri
GƏLMƏ…
Gəlmə, başına dönüm,
gəlmə, soyuq bir daşam.
Tərk edilmiş şəhərəm,
itirilmiş yaddaşam.
Töküldüm yarpaq-yarpaq,
söküldüm ilmə-ilmə.
Gəlmə, dərdim, dərmanım,
ölüm fərmanım, gəlmə.
Bilmə, başına dönüm,
bilmə, kiməm, nəçiyəm.
Öz dərdini yamayan,
ən naşı pinəçiyəm.
Gəlmə, sirrim, söhbətim,
Qəlbimdə qalanımsan.
Ən yalan həqiqətim,
ən gerçək yalanımsan.
Bilmə, necə yaşayıb,
sənsiz necə ölürəm.
Xəbərin yox, a zalım,
hər gün sənə gəlirəm.
Bir gün dinəcək inan,
qəlbindəki ağrılar.
Səni incitməyəcək,
Bu naxələf doğrular.
Biləndə ki, ən doğma,
ən yaxın, kəsin yoxdur.
Yəni intihar etsən,
ipini kəsən yoxdur.
Biləndə ki, bu dünya,
Hələ çox dəyişəcək.
Atmadığın tilova,
“Qızıl balıq” düşəcək.
Biləndə ki, səninki,
Yalquzaq tənhalığı.
dəryaya atacaqsan
O gün “qızıl balığı”.
Səni incitməyəcək,
işgəncələr zülümlər.
Adiləşəcək inan,
Ayrılıqlar, ölümlər..
Gözlərin dolsa belə
hönkürüb susacaqsan.
Bütün peşmanlıqları
gözündən qusacaqsan.
Tutacaq əllərindən
keçmişin əsa kimi
Çəkiləcək çarmıxa,
Ürəyin “İsa” kimi.
Dəyişə bilmədinsə,
Sən bu “ağ-qara” fonu
Bağlanacaq pərdələr,
Bu da filmin sonu…
* * *
Saçlarıma gün dəymir,
Qar yağır, sən gedəli.
Dilim ,taleyi-baxtı,
qarğayır, sən gedəli.
İndi nağıl evimiz,
sevgimizin gor bağı.
Gözlərimə təpirəm,
uyuduğun torpağı.
Ehh, səni oyatmadı,
arzum, ümidim, qayıt!
Qarabağ qayıtmadı,
Qayıt, Şəhidim, qayıt…