https://c.radikal.ru/c13/1911/3c/da6897781190.jpg

Bolqarıstanda İmadəddin Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı nəşr edilib. Kitab böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq çap olunub.

Kitabın ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. “Cahana sığmayan Azərbaycan şairi” adlı ön sözdə Nəsimi yaradıcılığı Bolqarıstan oxucusuna təqdim edilib.

Kitab Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin birgə nəşridir. Nəsiminin kitabda yer alan əsərlərini bolqar dilinə Boyan Anqelov, İvan Eseniski, Nadya Popova çevirib.

Bolqarıstanın “Blqarski pisatel” nəşriyyatında işıq üzü görən kitabın redaktoru şair Dimitr Xristov, qrafik dizayneri isə Emiliya Kazakovadır.

Qeyd edək ki, Sofiyada çap olunmuş İmadəddin Nəsiminin “Mənim müqəddəs məbədim” kitabının Bolqarıstan Elmlər Akademiyasında geniş təqdimatı və müzakirəsi keçirilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi