Gürcüstanda Azərbaycanın Xalq şairi, saz və söz ustadı Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb.

Kənd ağsaqqalı Ramiz Bəkirov AZƏRTAC-a bildirib ki, Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili Kəpənəkçidə olub, ziyalılarla görüşüb. O deyib ki, rayon rəhbərliyinin qərarı ilə Xalq şairinin adının əbədiləşdirilməsi və onun yaradıcılığının gələcək nəsillərə çatdırılması üçün nəzərdə tutulan Poeziya evi üçün torpaq sahəsi ayrılıb.

Bolnisi rayon bələdiyyəsinin əməkdaşları, Ramiz Bəkirov və kənd ağsaqqalları Poeziya evinin tikiləcəyi sahəyə baxış keçirib, tikilinin layihəsi barədə fikir mübadiləsi aparıblar.

Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu il yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olub. Bu münasibətilə şairin anadan olduğu kənddə keçirilən tədbirdə bir sıra təkliflər, o cümlədən Poeziya evinin tikilməsi ilə bağlı rayon rəhbərliyinə və parlamentin deputatına müraciət qəbul olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: https://azertag.az/