Sabir Alim (Əsədov Sabir Alim oğlu) 18 sentyabr 1980-ci ildə Neftçala rayonunun Dördlər kəndində anadan olub. 1987-ci ildə Neftçala rayonunun Asatanlı kənd orta məktəbini, 2002-ci ildə ADPU-nun filologiya fakultəsini bitirib.
2002-ci ildə “Tanrı səni qorusun” adlı ilk şeirlər kitabı nəşr olunub.
2003-cü ildə “İlin ən yaxşı şeiri” nominasiyasının laureatı olub.
2006-cı ildə “Gecikmiş qatar” adlı ikinci şeirlər kitabı çapdan çıxıb.
2008-ci ildə Prezident təqaüdünə layiq görülüb.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Payız simfoniyası
Pəncərəmdə
küləyin uçurduğu pərdələrin
hamilə görkəmi,
havada buludlar,
Buludların bətnində su…
Yağışlı və küləkli bir gündə
tərk edilmiş qadınları xatırladar
küçədə ayaq səslərinin çırpıldığı
baxımsız ağaclar
və hərdənbir axşamlar
cındırından cin hürkən
bomjlar yığışar
bu ağacların dibinə.
Yalnız göz yaşlarının
Yanaqlarına cızdığı şəkil
Sərxoş ərinin son zərbəsinə
Cavab olar
Ürəyinin səsinə
Qulaq kəsilən qadına.
… Pəncərəmdə
küləyin uçurduğu pərdələrin
hamilə görkəmi
oxumaq necə də gözəldir
Gecənin içinə yağan yağışın
Musiqi sədası altında
— Siqaret kötüyüdü yollar…