Məhəmməd Kamal (Məhəmməd Heydər oğlu Dadaşov) 1950-ci ildə doğulub. Salyanın Kürsəngi kəndində yaşayır. 1991-ci ildə “Savalan dağıyam dözüb durmuşam” adlı şeirlər kitabı çap olunub.
Qan çəkəcək
(Höccət Paşaya)
Tonqal yanır qarış-qarış,
Bir səs deyər oda qarış.
Od oğlusan odla yarış,
Baxma oda yanı, qardaş.
Sususluğun olmaz daha,
əkdiklərin solmaz daha.
Boşalanlar dolmaz daha,
Gedənlərin hanı, qardaş?
Öz cığırın, öz yolun var,
Öz sağın var, öz solun var.
Koroğlu tək bir ulun var,
Öz ulunu tanı, qardaş!
Unudulmaz yaddaşından,
Mənimsəsə yad daşından.
Uzaq düşsən qardaşından,
Qan çəkəcək qanı, qardaş.
Sevirsənsə, halalındı,
Izin qalsa cəlalındı.
Od eyləsən amalındı,
El yolunda canı, qardaş!