Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
HAQQIN DƏRGAHI
/”Düşüncələrim” – silsiləsindən/
Hər məzar bir qapı, Haqq dünyasına,
Torpaq qapılara qıfıl, baş daşı.
Buradan keçərlər can bahasına,
O an başa çatar bir ömrün yaşı.
Başlanar əbədi axirət yolu,
Əməli bələdçi olar insana.
Olarlar səssizcə imanın qulu,
Məhşər xofu düşər, burda hər cana.
Haqqdan uzaq düşən bənizlər solar,
Tutqun bulud kimi üzləri gülməz.
Hamı bir geyimdə, bərabər olar,
Kimsə bir kimsəyə hökm edə bilməz.
Sirat üstün açar suçun, günahın,
Tük qədər vəbal da gözdən yayılmaz.
Sözü keçməz bəyin, xaqanın, şahın,
Ruha sahib çıxar ibadət, namaz.
Əməli salihlər hüzur taparlar,
Gəzərlər İrəmdə qumrular kimi.
İmanlı ruhları zöhrətək parlar,
Olarlar ey Dövran, behişt sakini.
ÖMÜR QATARI
“Ömürdən – gündən” – silsiləsindən/
Yol gedir sürətlə ömür qatarı,
Başlanğıc bəllidir, son mənzil məzar.
Mələkmi, ya fələk sürür qatarı?
Kimsədə yox cürət, sala bir nəzər.
Nə çoxdur mənzilə çatmamış enən,
Qatar hər durduqca uğurlayırıq.
Bu günkü rəhmətlik, sağ idi dünən,
Bizsə bu qatarda günlər sayırıq.
Qaranlıq tunellər, qorxunc körpülər,
İnsanın bağrını, ürəyin üzür.
Gah da mənzərələr, xoş görüntülər,
Yolçunun yoluna çiçək, gül düzür.
Tələsir talelər, üzü gümana,
Heç kəs son mənzili, sonun görməyir.
Qəlblər sığınsa da, dinə, imana,
Günahkar alınlar, “əhlədə”dəyir.
Ümiddir çıxaran yola onları,
Sabaha inanır, burda hər yolçu.
Sən demə beş arşın bez imiş varı,
İstər səfil olsun, istər milyonçu.
Əcəldir qatarın təkcə hakimi,
İstər taxtdan salar, istər taxar tac.
Dövran seyr eyləyir, baxır lal kimi,
Alın yazısına, qismətə möhtac.