This image has an empty alt attribute; its file name is necibexanim.jpg

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

YALIN ARZULAR

Arzularım yalın qalıb,
Ağlım olubdu piyada.
Qəlbimin əmrindən çıxa,
Duyğular məni oyada.

Bəzən sığal çəkib dərdə,
Son ümidə göz tikirəm.
Sökülürəm ilmə-ilmə,
Şeir üçün söz tikirəm.

Birdən enir köksüm üstə,
Hardasa etdiyim günah.
Ömrümü udur ahəstə,
Günahımdan doğan sabah.

Bəyaz heyrətimi didir,
Bəzən şübhə, bəzən küsü.
Məni məndən alıb gedir,
Bir eşqin yanar tüstüsü.

Vüsalımın yolu quzey,
Xəyalıma çən gətirir.
Taleyimin yolu giley,
Saçlarıma dən gətirir.

Dünya gerçək, dünya yalan,
Gümanlar şübhə oyadır.
Dərdlərimdi mənə qalan,
Deyən “Durnalar qayıdır”..

Ümidlərim çılpaq, yalın,
Yollarına qırov düşüb.
Arzularım gedən yolun,
Dünyasına alov düşüb..