Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Respublikası Prezideti Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycanda ATATÜRK Mərkənizinin ictimai-siyasi şöbəsinin müdirini, görkəmli Azərbaycan şairini, publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti


Torpağa daş basdırrıq,
yazı yazarıq daşa…
Yazıya ürək,
ürəyə dərd qoyarıq –
torpağa köçüncəyədək
qalar ordaca…
Və bir gün daşa çıxar o dərd,
daşda yazı görünər,
yazıda ürək…
Beləcə, dərd dolanar dünyada:
torpaq-torpaq,
daş-daş,
yazı-yazı,
ürək-ürək…
Deyirəm,
gedim torpaq dərdimi yazım,
ürəklər daş olmamış…
SUYUN ŞƏRHİ
“…Balıq intihar edəndə quruya,
insan suya atılır…”*
əgər suya atılmadan ölsə belə,
ruhu göyə çəkilincə
nəşi çəkilər suya
insanın –
nəşi də ələ gəlməsə,
yuyulmamış basdırsalar birini,
qəbri üstə su tökərlər, qəbri üstə…
heç qəbri də olmasa…
göz yaşları töküləcək, göz yaşları…
sənsiz olmur, gözəl adlı, gözəl su –
ya qabdan tökülürsən, ya gözdən…
Gözdən də yaş çıxmasa,
quruyan boğazımızı bir udum su ilə açarıq,
bir udum su…
Bir də macal tapanda,
üzümüzə su vurruq, su…
Ölməkmi aydınlıqdı, sumu… su?
Sən “sus!”a nə qədər yaxınsan, su.?! –
indicə fərq etdim,
darıxma, indicə susuram, bir məni dinlə,
deyirəm, “su dili”ylə danışdıq bəzən:
bir qızın yalın ayağına atdılar – sevgi oldun sən…
kiminsə arxasınca atdıq – uğur oldun,
kiminsə üzünə çırpıldın – soyuq oldun…
Okean oldun, Sakit dedilər,
çay oldun, Kür dedik…
Nil oldun uzun dedilər,
Amazonsan – gur dedik;
Dondun, buz söylədilər,
Qalxdın, buxar dedilər,
gah adi gözlə baxıb,
sənə axar dedilər…
Deyirəm,
kür yaşayıb, sakit ölmək mümkün ola,
ana su.!? –
Sakit ölmək…
Ya sənə atılırıq,
ya sən atılırsan üstümüzə…
üzüsuluykən ölsəydim
bircə…
Sucan şeirim olsun…
(* – Misra Təranə Vahidə aiddir)
ONDA QAFQAZ BİZİMDİ…
Bir vaxt Qafqaz bizimdi –
Boyum bulud döyürdü…
Kürəklərim böyükdü,
Onda Qafqaz bizimdi…
Adımıza ad əkdik,
nə səpmişdik – nə biçdik?
Söz bizdəydi, tək idik –
Onda Qafqaz bizimdi…
Ömürlər, anlar vardı,
Paşalar, xanlar vardı;
Can deyən canlar vardı,
Onda Qafqaz bizimdi…
Mən umutla doğuldum.
Heç umutsuz olmadım..!
Umut oldu-olmadı –
…Qafqaz bizimdi…
QIZ QALASI
Qız Qalası,
derlər
Qala Ürək olmaz,
Ürəyə qala derlər.–
Sən Bakının ürəyisən,
Qız Qalası,
Bu dünyanın ən bakirə qalasısan,
Qız Qalası!
Qoy sənə bir qarğış edim,
alxış olsun –
görüm, səni ömrün boyu qız qalasan,
Qız Qalası.
O yanda da Oğlan Qala oğlan qalsın,
Aranızda həsrət olsun,
ancaq sərhəd olmasın.
Demirəm ki, dərd olmasın,
dərd olsa da,
dərdinizi söyləməyə həmdərd olsun…
Zaman oldu
Ərk Qalası həmdərd oldu,
həm dərd oldu…
Sən yenə də söyləyərsən
anan Xəzər
dinlər sənin dərd-sərini
Oğlan Qala zalım dinməz,
Dillənsə də, dağa deyər,
daşa deyər dərdlərini.
Vay o gündən dərd ola da,
ərk olmaya,
Dərd o gündü ƏRK olmaya.
Qız Qalası.
Qız Qalası,
Dərd deməkdən bəz düşübdü dilimə, bəz.
Mən gedirəm BƏZZə doğru,
İşdi-şayət arar olsan,
tonqal qala,
ƏLİNCƏyə əl eylə,
Öz atəş diliylə
cüt tonqalıyla,
ƏLİNCƏ arayar bizi.
Ölüncə gəllik,
ölüncə,
Qız Qalası…