Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatını, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

Vaxtıdır

Ətəyini çırmalayıb gedir qış,
Düzdə mehin, dağda çənin vaxtıdır.
Danaqıran yal-yamazı bürüyüb,
Karlı oğlan, yüz pencənin vaxtıdır.

Gün əridir zirvələrdə sal buzu,
Yal-yamacdan şaqqıdayıb axır su.
El yığışıb qarşılayır Novruzu,
Al fidanın, tər qönçənin vaxtıdır.

Silkələnib yerlər açdı qırışın,
Yedik getdi kətəsini çirişin.
Çərtib çıxan quzqulağın, keşnişin,
Kəkoğlunun, mərövcənin vaxtıdır.

Əvəzoğlu, çıx dağlarla görüşə,
Hər tərəfdən ətir saçır bənövşə…
Göy çəməndə yan verməyə bir döşə,
Mütəkkənin, döşəkçənin vaxtıdır!..

Ay qadınlar, bayramınız mübarək,

Biz kişilər heç vaxt sizsiz olmasın!
Kaş həmişə sizi belə şad görək,
Hər gününüz al səhərsiz olmasın;
Biz kişilər heç vaxt sizsiz olmasın!

Qadın gülsə gözəlləşər bu dünya,
Gözəlliklə əməlləşər bu dünya,
Lap yenidən təməlləşər bu dünya,
Dodağınız təbəssümsüz olmasın;
Biz kişilər heç vaxt sizsiz olmasın!

Qoy Yaradan bəxtinizə yar olsun,
Hər arzunuz, diləyiniz var olsun,
Zülfünüzə sığal çəkən yar olsun,
Daş ürəklər məhəbbətsiz olmasın;
Biz kişilər heç vaxt sizsiz olmasın!

Heç bir yerdə görməmişəm bir qəşəng,
Yurdumuzun gözəlləri olantək.
Hər biriniz bir açılmış tər çiçək –
Bülbül olan qızılgülsüz olmasın;
Biz kişilər heç vaxt sizsiz olmasın!