BACARMADI

Hələ qar havalı baharın sonu,
gül etmək istədi naz-bacarmadı,
yaylaq yollarının açılmır donu-
ümid yaya qaldı,yaz bacarmadı,

Başqası düşməyib-qarlı o yoldu,
qış hələ imkanlı,karlı o qoldu!
gördüyüm bəd yuxu birəbir oldu-
çeşməyə ərz etdim–“Yoz!”-bacarmadı,

Varlı kotan çəkir,kasıb belləyir,
çay tərsə düşəndə-basıb selləyir,
qələmim özgələr dərdinnən deyir;
yalvardım-“mənimkin yaz”-bacarmadı,

Yurdum arasında Kürlə-Arazın,
öz teli,pərdəsi hər bir avazın,
tarı–zəhmı basdı ağsaqqal sazın,
tarın etdiyini saz bacarmadı,

Dünyanın himini kim belə qoyub?–
dinəni lal edib,görəni oyub!
“çoxlar” əyri getdi fətvaya uyub,
düz yola çəkməyi “az” bacarmadı,

“Azlı” Vahid ƏZİZ-nəfsin az oldu,
hər yerdə haqq sözün tərsə yozuldu,
həyatın ya “siyah”,ya “bəyaz” oldu;
varlığın olmağı “boz” bacarmadı…

BİRCƏ HƏFTƏ…

Ağladım dəryazlar çəmən biçəndə;
yarpaq bir tərəfdə, gül bir tərəfdə,
çəmən çiçəkləri dibçək içində
qalar beş-altı gün,ya bircə həftə.

Kim məni anacaq vaxtım bitəndə,
göylərə çəkilib gözdən itəndə?
Binəva aşiqlər yar həsrətində,
solar beş-altı gün, ya bircə həftə.

Ürəyin şəkli var gözün yaşında,
tilsimlər, cadular sözün xoşunda,
yay da məskənini dağlar başında,
salar beş-altı gün, ya bircə həftə.

Dünyanı zəbt edər “Eşq alayları”,
kirpiklər–oxları,qaşlar–yayları,
çiskinsiz, dumansız hicran ayları,
olar beş-alrı gün, ya bircə hətə.

Gəzıb budaq-budaq “Söz dünyasını”,
dərdim “xəbərini”,”mübtədasını”,
çapqın, Vavid ƏZİZ, yar qadasını,
alar beş-altı gün, ya bircə həftə…

18.06.2019.