Səfiyev Natiq Yusif oğlu 1939-cu il mart ayının 21-də Bakı şəhərində həkim ailəsində anadan olub.1957-ci ildə Quba rayon Alpan kənd orta məktəbini bitirmişdir.1958-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası, 1970-1974-cü illərdə Mirzə Fətəli Axundov adına Dövlət Pedaqoji Universitetinin (indiki Bakı Slavyan Universitetinin) Rus dili və ədəbiyyatı fakültələrində ali təhsil alıb.1962-1964-cü illərdə ordu sıralarında hərbi xidmətdə olub.

1965-ci ildən 2008-ci ilin sonlarına kimi Abşeron rayonu Xırdalan qəsəbə (indiki şəhər) orta məktəbində müəllim işləmişdir.

1963-cü ildən respublika mətbuatında jurnalist kimi fəaliyyətə başlamışdır.Dövri mətbuat səhifələrində məqalələri, oçerkləri, müsahibələri, reportyor yazıları, kitablara yazdığı ön sözləri, zarisovkaları, dünya xalqlarının ədəbiyyatından etdiyi tərcümələr dərc olunmuşdur.

Jurnalistik fəaliyyəti ilə məşğul olan Natiq Səfiyevin yazıları “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri”, “Azərbaycan”, “Abşeron”, “Naxçıvan”,”Yeni həyat”, “Azad hüquqşünas”, “Yeni təfəkkür”, “Kredo”, “Meridian”, “Vətən övladı”, “Şəkərvillası”,”Bahar”, “Təşviqatçı”, “Qobu”, “Savalan”, “Zaman”, “Panorama”, “Ədalət və Həqiqət”, “Say”, “Mədəni-Maarif”, “Qala”, “Qanun naminə”, “Bütöv Azərbaycan”, “Carçı”, “Ömür yolu”, “Pressfakt”, “Açıq Səma”, “Pioner”, “Azərbaycan məktəbi”, “Azərbaycan təbiəti” və s. qəzet və jurnallarında,o cümlədən xarici mətbuat səhifələrində dərc olunaraq yayımlanmışdır.

Natiq  Səfiyevin indiyədək iki metodiki, iki tərcümə ( “Qəribə tütək”, “Köhnə dəyirman”), üç memaur (“Məni yaşadan xatirələr”, “Yadda qalan günlərim”, “Ömür salnaməsi”), didaktik hekayələr toplusu (“Babam mənim”), fotoalbom (“İşıqlı dünyam”) kitabları çapdan çıxmışdır.

Onun haqqında yüzdən çox məqalə, oçerk, üç kitab yazılmışdır (Akif Şahverdiyev “Ömrə sığmayan həyat”, Güntəkin İlyasovanın tərtibində “Natiq Səfiyev: -“Biblioqrafik göstərici”, Hikmət Məlikzadənin tərtibində “40 il mətbuatda”).

O, məktəbdə çalışdığı müddət ərzində 14 yaradıcı diplom, 46 fəxri fərman,5 təşəkkür məktubu və 5 nişan almışdır.1989-cu ildə ona “Əmək veteranı” medalı verilmişdir.

“Qobu” qəzetinin ilk xüsusi buraxılışında Natiq Səfiyevin Azərbaycan mətbuatında 50 illik fəaliyyətinə həsr olunmuş materiallar verilmişdir.

2010-2013-cü illər ərzində Natiq Səfiyevin dünya yazıçılarının əsərləri və dünya xalqlarının nağıllarından etdiyi 600-dən çox yazılar 20-dən artıq mətbu orqanların səhifələrində işıq üzü görmüşdür.Materialların çoxu “Bahar çiçəyi” və “Açıq Səma” qəzetlərinin xüsusi buraxılışlarında dərc olunmuşdur.

Natiq Səfiyev 1996-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.”Qızıl qələm” media mükafatı laureatıdır.”O nekotorıx storonax nravstvennoqo vospitaniya uçaşixsya na urokax ruskoqo yazıka”, “Orqanizaçiya vneklassnoy rabotı po ruskomu yazıku i literature v Azerbaydjanskoy şkole”, “Qəribə tütək”, “Məni yaşadan xatirələr”, “Köhnə dəyirman”, “Yadda qalan günlərim”, “Ömür salnaməsi”, “Mənim babam”, “İşıqlı dünyam”, “Nicat” kitablarının müəllifidir.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Natiq Səfiyevin üç qızı və altı nəvəsi var.Hal-hazırda o, təqaüddədir.