Bu günlərdə “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı həyata keçirildi.
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən təqdimatda 50 nəfərdən çox ziyalı iştirak edirdi. Xatırladaq ki, bu kitab “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü və yazıçı-jurnalist, “Müəllim sözü” qəzetinin baş redaktoru Vahid Aslanın müəllifliyi ilə nəşrə hazırlanmışdır.
Tədbirin moderatoru “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva tədbir iştirakçılarını salamladıqdan sonra müzakirəsi keçirilən kitab haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, Gədəbəydə doğulan şairlərin bir kitabda toplanaraq oxucuların ixtiyarına verilməsi və yenidən çağdaş ədəbi mühitə təqdim olunması toplunun çapında əsas məqsəd olub. Yazgül Abdıyeva onu da qeyd etdi ki, əslində bu kitabın daha geniş auditoriyada Gədəbəydə təqdimatının keçirilməsi planlaşdırılırdı. Lakin məlum pandemiya səbəblərinə görə təqdimat onlayn formatda keçirilir. Yaxın vaxtlarda yəni pandemiya ömrünü başa vurduqdan sonra kitabın təqdimatı Gədəbəydə açıq havada – təbiət qoynunda keçirilərək, həmin günün hər il “Gədəbəydə poeziya bayramı” günü kimi simvollaşdırılması nəzərdə tutulur. Yazgül Abdıyeva onu da bildirdi ki, qısa müddətdə “Gədəbəydə doğulan şairlər” kitabı ilə yanaşıdaha bir kitab – “Gədəbəy rayonunun şəhidləri” kitabı da nəşr olunmuş, eyni zamanda ötən bir il ərzində şairlərdən Aybəniz Qaragilənin, Rizvan Cəfərlinin və Vahid Aslanın şeirlərinə əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynova tərəfindən mahnılar bəstələnib, ifa olunmuşdur.
Daha sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Müstafayev çıxış edərək belə bir kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. O, çıxışında həmçinin ölkə Prezidentinin uğurlu siyasətini önə çəkərək qazanılan uğurlardan, o cümlədən mənfur düşmən üzərində qazanılan Böyük Qələbədən danışdı. İbrahim Mustafayev Gədəbəy rayonunun gözəl təbiətə, böyük turizm potensialına malik olduğunu, eyni zamanda da ziyalıların və yaradıcı adamların məskəni olduğunu vurğuladı.
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva nəşr olunan kitabın Azərbaycan ədəbiyyat tarixinə bir ərmağan olduğunu vurğulayaraq, kitabdakı materialların öz oxucularına rahatlıqla çatması üçün pdf formatında internetdə yayımlanmasını tövsiyyə etdi. Qənirə xanım qalib ölkənin vətəndaşları olduğumuzdan qürur hissi yaşadığını dilə gətirdi.
Millət vəkili Sevinc Hüseynova kitabın işıq üzü görməsində əməyi olanlara təşəkkür edərək bildirdi ki, bu kitab həm də ona görə qiymətlidir ki, burada ədəbi mühitə o qədər də məlum olmayan istedadlı gənc imzalar da təqdim olunmuşlar.
Millət vəkili Arzu Nağıyev də bu xeyirxah işin təşəbbüskarlarını təqdir edərək, təmsil etdiyi Gədəbəy rayonunun həm də bir aqrar rayonu olduğunu önə çəkdi. O, bildirdi ki, iş adamları yaradıcı adamlarla əl-ələ verəndə belə gözəl və qiymətli kitablar da həyata vəsiqə qazanır.
Əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynovanın ifa etdiyi, Vahid Aslanın sözlərinə yazılmış “Gədəbəyim” mahnısı tədbirə xüsusi gözəllik bəxş etdi.
Kitabın tərtibçisi və redaktoru Vahid Aslan hesabat xarakterli çıxışında bildirdi ki, bu kitab nəşrə hazırlanarkən əsas meyar, qəbul olunan 1500 səhifəlik materialların arasından poetik cəhətdən keyfiyyətli olan şeirlərin seçilməsi olmuşdur. Kitabda Miskin Abdaldan başlayaraq müasir gənc şairlərə qədər layiq olanlar yer almışdır. Nəticədə 51 şairin yer aldığı 344 səhifəlik bir toplu işıq üzü görmüşdür. Kitaba daxil ediləcək şeirlərin qiymətləndirilməsində obyektivlik gözlənilsin deyə, redaksiya heyəti yaradılmışdır. Vahid Aslan qiymətləndirmədə əmək sərf etdikləri üçün redaksiya heyətinin üzvlərinə – Məlahət Yusifqızına, Süleyman Abdullaya və İntiqam Yaşara öz minnətdarlığını bildirmişdir.
Təqdimatda professor Maarifə Hacıyeva, professor Mahmud Rüstəmov, 311 saylı tam orta məktəbin direktoru Esmira Muradova, tarixçi-alim Faiq Ələkbərli, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, hərbi həkim, mayor Namiq Əliyev, tanınmış jurnalist, tarixçi-alim Füzuli İsmayılov, şairlər Cəmil Hüseynli, Süleyman Abdulla , Məlahət Yusifqızı, İntiqam Yaşar, Aybəniz Qaragilə, Natiq İsalı, Sahib Camal, Qabil Gədəbəyli, hazırda Rusiyada yaşayan şairlər Ülvi Hüseyn, Rizvan Cəfərli və əslən Gədəbəydən olan hazırda Rusiyada yaşayan iş adamı Arif Cəfərov çıxış etdilər.
Təqdimatda digər qonaqlarla yanaşı, mərhum şair Dəmir Gədəbəylinin həyat yoldaşı Rüxsarə Novruzova da iştirak edirdi.
Təqdimatın sonunda yekun fikir bildirən Yazgül Abdıyeva bir daha vurğuladı ki, “Gədəbəydə doğulan şairlər” kitabı təşəbbüskarlar tərəfindən Gədəbəyli şairlərin yaradıcılıqlarına verilən böyük dəyər və sonsuz ehtiramdır.
Nuray Əsgərli,
“Müəllim sözü” qəzeti