Bu qatar…

Bir səhər yolunu kəsəcək qatar,
Bir səhər səmtini dəyişəcəksən.
Bir kərə minmişdin gedəsən deyə,
Mənzilə çatmamış sən düşəcəksən.

… Bu yaşıl qatara əl edəcəksən,
… Fit səsi xəyaldan alacaq səni.
… Bələdçi biletsiz sərnişin bilib,
… Vaqondan bayıra salacaq səni.

Gözünün yaşından xəbərsiz olar, –
Qatarın içində gedən adamlar.
Bəlkə heç Tanrı da vecinə almaz,
Qatarından qalan neçə adam var.

Ha boylan, ardınca köksünü ötür,
geriyə qayıtmaz, dönməz o qatar.
Uzaqdan-uzağa çəkib içini,
O qatar könülsüz sevgiyə batar…

***

Hər yandan ətir yağır,
Hər yandan gözəl baxır.
Nə cür seçim mən fağır
Gözəllər gözəlini?!

Düz yolum olub yoxuş,
Gözüm, yollardan yığış.
Mənə qalan bir baxış,
Odla məntək dəlini!

Əl gedib, ətək qalıb,
Arısız pətək qalıb.
Ney susub, tütək qalıb,
Çal qəlbimin telini!

Məlhəm eylə yarama,
Nakamam – yetim kama.
Məndə sevgi arama,
Ay özgənin gəlini!