This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

Həyatın yolları eniş–yoxuşdu,

“ho-hodan”qorxuram,

“toşdan”qorxuram,

payız bağbana da,mənə də xoşdu;

əynim nazik olur–qışdan qorxuram.

Vaxt-hərdən canıma bir qada salıb,

oynadıb,cırnadıb,it-bata salıb,

qapim açıq qalıb-it yada salıb,

get-gedə azalan huşdan qorxuram,

Maral,gendə dolan,kəmənd atan çox,

hər şey bazarlanar; alıb-satan çox,

arabir yan keçər–sürüşkəndi ox,

yuvasız quş kimi daşdan qorxuram!

Deyirlər–bələkdə yaman kürmüşəm,

həyata gah gülüb,gah hönkürmüşəm,

o qədər səbəbsiz qapaz görmüşəm,

nəvələr,ağıllı başdan qorxuram!

Biçinçi,elə biç-gül ağlamasln,

ocaq,elə soyut-kul ağlamasın,

məni dəfn edəndə el ağlamasın-

Vətənin gözündə yaşdan qorxuram!

Yaman artmaqdadı dinsiz,

umansız,

“kəsər qulağını” ağrısız, qansız,

tərif,qoltuğuma qoyanda qarpız,

birdə”zordan” ağır “xoşdan” qorxuram.

Tikanım gül açıb,gülüm tərk olub,

çox şey,Vahid ƏZİZ,mənə görk olub,

indi də,o vaxt da dizim bərk olub;

elə düşünmə ki,yaşdan qorxuram…