I
DAĞLAR
Səndən ayrılanda bir ah çəkmişəm,
Kərəmtək yandırıb ah məni, dağlar!
Daramır saçımı sənsiz küləklər,
Sənsiz heç oxşamır meh məni, dağlar!
Şirin görüşlərin ömrü kəm olar,
Gözüm yaşla dolar, könlüm qəm olar.
Cənnətim çevrilib cəhənnəm olar,
Olmasam dağların mehmanı, dağlar!
Hər dərddən xəbərdar, hər işdən halı,
Şairdi daşıyan min qilü-qalı.
Zəlimxan düşsə də səndən aralı,
Saxla gözün üstə Bəhməni, dağlar!
II
GÖNDƏRİM
Bəhmən, hədələrdən qorunmaq üçün
Yarağın yoxdursa, yaraq göndərim.
Dərdini deməyə dərdli bir qələm,
Şerini yazmağa varaq göndərim.
Qoşun bil, özünü təkləmə, qardaş,
Ürəyi bu qədər yükləmə, qardaş.
Qəlbi qəm üstünə kökləmə, qardaş,
Lazımsa, eşqimi dayaq göndərim.
Cam olum, içməyə camın yoxdusa,
Tam olum, dadmağa tamın yoxdusa,
Gecə yandırmağa şamın yoxdusa,
İki gözlərimi çıraq göndərim!
Ellərə doğmadır şairin səsi,
Mən necə sevməyim el sevən kəsi?
Geniş aç qapını, ay ev yiyəsi,
Şair Zəlimxanı qonaq göndərim!