Otuz qarlı-qışlı dağları aşıb,
Qolun boynumuza saldı Qarabağ…
Hamımızın həyatında misilsiz rol oynayan, bəlkə də, ömrümüzü iki yerə bölən II Qarabağ müharibəsi hələ çoxları tərəfindən yetərincə dərk olunmur, layiq olduğu səviyyədə dəyərləndirilmir. Baxmayaraq ki, bu barədə elə bu müqəddəs savaşın başladığı ilk günlərdən xeyli şeir, hekayə, oçerk, reportaj və b. bədii əsərlər yazılmış və bu gün də yazılmaqdadır. Məni belə düşünməyə vadar edən səbəb nədir? Doğrusunu deyim ki, bu günlərdə Binəqədi rayonundakı 182 saylı tam orta məktəbdə keçirilən bir tədbirdən sonra bu qənaətə gəldim. 5-10 nəfər şagirdin iştirakı ilə təşkil olunmuş, 44 günlük II Qarabağ savaşına həsr edilmiş möhtəşəm tədbir bizə hansı müəzzəm duyğuları yaşatmadı?! Onu da qeyd edim ki, başımızı uca, alnımızı açıq edən həmin müharibəyə ithaf olunmuş şeirləri ölkəmizdə deyil, vətənimizin güney hissəsində – Güney Azərbaycanda yaşayan, yazıb-yaradan şairlər qələmə alıblar. Əlbəttə ki, Esmira Fuadın yaxınlarda nəşr olunmuş “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan Ədəbiyyatında” adlı yeni kitabından seçilmiş şeirləri deyirəm.
Esmira xanım Güney Azərbaycan ədəbiyyatı və mədəniyyətinin respublikamızda tədqiq olunması sahəsində böyük əməyi olan alimlərimizdəndir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru E.Fuad güneydə yaşayan soydaşlarımız arasında da yaxşı tanınır, məqalə və əsərləri o tayda da nəşr edilir. Güney Azərbaycan ədəbiyyatı sahəsində tanınmış mütəxəssis olan Esmira xanımın haqqında danışdığımız kitabı ona görə dəyərli və aktualdır ki, qanlı savaşların getdiyi dünyamızda bizə birlik və bütövlük duyğularını aşılayır, gənc nəslə vətənimizin yalnız Arazın bu tayından ibarət olmadığını, Azərbaycan adlı məmləkətin daha böyük sınırları qapsdığını, 50 milyonluq xalq olduğumuzu əyani faktlarla açıb göstərir.
30 illik düşmən tapdağında qalmış torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan ədalətli müharibə zamanı ölkəmizin vətəndaşlarıyla yanaşı, bütün dünyadakı, özəlliklə, güneydəki soydaşlarımızın bizdən az sevinmədiyini, Arazın sahilində toplaşıb şanlı ordumuzun zəfər yürüşünü alqış və göz yaşlarıyla müşahidə etdiklərini unutmaq mümkündürmü? Arazın o tayında atasıyla birgə döyüşləri izləyən azyaşlı uşağın “Ata, bizim ordumuz hansıdı?” – sualına atasının göz yaşları içərisində “Baax, o atəş açanlar bizim əsgərlərdi, bir azdan hücuma keçəcəklər” – sözləri kimin gözlərini yaşartmamışdı? İlk baxışda adi ailə-məişət söhbəti kimi görünüən bu kimi hadisələr, fikrimizcə, dünya ədəbiyyatı tarixinə şedevr əsərlər verə biləcək romanlara mövzu ola bilər.
Doğrudur, müəllifin özünün də qeyd etdiyi kimi, “Vətən uğrunda şəhid olan və özü də vətənləşən Polad Həşimov” və eləcə də II Qarabağ savaşında şanlı döyüş yolu keçən cəngavərlərin, özəlliklə, Şuşa fatehlərinin “əfsanəvi qəhrəmanlıqlarını… obrazlaşdıran mükəmməl əsər-poema, povest, yaxud hekayə hələ ki, yazılmayıb, ancaq bu barədə yetərincə şeir və nəsr örnəklərinin olduğu da danılmaz faktdır…” Elə E.Fuadın haqqında danışdığımız kitabı da bu kimi şeirlərlə zəngindir. Kitabı vərəqlədikcə əslən Güney Azərbaycandan olan yazarların bu qısa müddət ərzində neçə kitablıq şeir və poema nümunələri yaratdıqlarını görürük.
Esmira xanım topluya yazdığı ön sözdə 2020-ci il 12 iyulda Tovuzda erməni daşnaklarının növbəti təxribatları nəticəsində əfsanəvi general Polad Həşimov və bir neçə yüksək rütbəli zabitlərimizin şəhid olmasından sonra Azərbaycan xalqının Koronavirus pandemiyası qadağalarına baxmayaraq küçələrə axışması, hamının bir ağızdan qisas tələb etməsinin ən yeni tariximizdə dönüş nöqtəsi olduğunu əsaslandırır, 2020-ci ilin 8 noyabr gününü isə tariximizin yeni mərhələsinin zirvəsi hesab edir. “Çünki bu gün dünyanı heyrətdə qoyan mərdlik nümunəsi – əlbəyaxa döyüş örnəyi göstərən və dünya hərb tarixində yeni səhifə açan igidlər – xüsusi təyinatlılarımız Qarabağın tacını – Şuşanı erməni neofaşistlərindən azad etdi və möcüzə şəhərin mərkəzinə üçrəngli, ay-ulduzlu bayrağını əslən Şuşadan olan qəhrəman Səbuhi Abdullayev sancdı. Azərbaycanın hər yerindən və bütün Türk dünyasından “Qarabağ Azərbaycandır! Şuşa bizimdir!…” səsləri göylərə bülənd oldu…”
Topluda əsərləri yer almış 27 Güney Azərbaycan şairi haqqında qısa bioqrafik məlumatlar da verilib. Hər şairin bir neçə şeirini təqdim edən müəllif Rəsul Qədirinin onun danışdığı rəvayət əsasında yazdığı “Xarı bülbül” və Əli Daşqının “Əsir torpaq-Qarabağ” adlı poemasına da antologiyada yer ayırıb. Maraqlıdır ki, Esmira xanım “Güneyin tanınmış aydını, şair, nasir, çevirmən, dilçi-türkoloq kimi məhsuldar ədəbi-bədii və elmi yaradıcılığı ilə diqqət çəkən Ə.Daşqının 1992-ci ildə göz yaşlarını içinə axıda-axıda, ürəyinin qanı ilə qələmə aldığı “Əsir torpaq-Qarabağ” poemasını epik şeirin ən mükəmməl örnəyi kimi son söz əvəzi olaraq” kitabda yerləşdirdiyini bildirir. Oxuduqdan sonra Esmira xanımın nə qədər haqlı olduğunu anladan həmin poemadan örnək gətirdiyi aşağıdakı misraları isə ruhumu qarsdı və heç vəchlə unuda bilmədim:
Azərbaycan var hər kəsin gur səsində…
Sənin daşın,
Qarabağa verdiyin öz yaraşığın
Türkün varlıq simgəsidir…
Göz bəbəyi, alın təri,
Qeyrət qanı, namus-arı,
Söy-kökünün dayağıdır…
Şuşa! Qarabağın ağ qapısı,
Elm-sənətin ilk yapısı…
Bəli, xeyli kitab-monoqrafiyalar müəllifi və tərtibatçısı, bir çox fəxri ad və mükafatlar laureatı olan Esmira Fuadın növbəti kitab-tərtibatı onun yaradıcılığında ayrıca yer tutur. Bu kitab əsasında Binəqədi rayon 182 saylı tam orta məktəb şagirdlərinin hazırladığı təqdimat mərasimindən isə ayrıca danışmağa dəyər. Çünki çox maraqlı film-tamaşanı xatırladan bu qısa və dolğun məzmunlu təqdimatda hər şey nəzərə alınmışdı: istər Azərbaycanın tarixi, coğrafiyası, istərsə də onun elmi və ədəbi-bədii əsərlərdə əksi. Təqdimat mərasimini sonadək seyr edən hər kəs burada mükəmməl bir rejissorluq fəaliyyəti olduğunu təsdiq edə bilər. Əslində isə hər şey həmin məktəbin şagird-müəllim kollektivi tərəfindən təşkil olunmuşdu.
O taylı-bu taylı Azərbaycanda tanınan və sevilən müğənni, mərhum Yaqub Zürufçunun məşhur “Ayrılıq” mahnısının sədalarıyla açılan mərasimdə qonaqları salamlayan aparıcı şagird hamını bu möhtəşəm qələbənin əldə edilməsində misilsiz xidmətləri olan şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sayğı duruşuna dəvət etdi. II Qarabağ savaşının başlanması səbəbləri və şərtlərindən, bu savaşın bir növ preambulasını təşkil edən Tovuz döyüşləri və bu zaman şəhid olan general P.Həşimov və dostları da xatırlandıqdan sonra yenə həmin mahnının kədərli notlarının müşayiəti ilə qoca Şəhriyar ağır və ləngərli addımlarla səhnəyə çıxır və “Heydərbabaya salam” poemasından bir neçə bənd söyləyir. Bu zaman mərhum xalq artistimiz, əslən güneyli olan Rübabə Muradovanın ifasında “Heydərbabaya salam” mahnısının sədaları salona yayılır. Elə bu mahnının müşayiəti altında şagird-aparıcı 2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycan, Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzun ayağa qalxdığı, soydaşlarımızın Araz çayı boyunca toplaşaraq qan və can qardaşları ilə bir səngərdə azğın düşmənə qarşı vuruşmaq istəyi ilə çağırışlar etdiyini dilə gətirir. “Həmin ərəfədə və savaşdan sonrakı dönəmdə Güney yazarlarının Qarabağa və 44 günlük savaşda yazılmış yeni şərəf tariximizə həsr etdikləri şeir və poemalardan örnəkləri o taylı-bu taylı Azərbaycanın oxucularına sunmağı özümüzə borc bildik” – deyir Esmira Fuad…”
Bu yerdə alqışlar altında E.Fuadın ayrı-ayrı tədbirlərdə çəkilmiş şəkillərindən ibarət slaydlar səhnədə qoyulmuş monitorda göstərilir, həyat və yaradıcılığı haqqında dolğun məlumatlar verilir, kitabları, təltif və mükafatları sərgilənir. “El bir olsa, dağ oynadar yerindən, güc bir olsa zərbi kərən sındırar” misallı cümlələr arasında Bəhram Əsədinin sətirləri arasında məhz sözə çevrilən gerçəklər yaşayır…
Dünən qucaqlarda gedən körpələr,
Bu gün tank üstündə dönür yurduna.
İşğalçı daşnaklar, qorxaq köpəklər,
Yenik düşmədədir Qafqaz qurduna…
Güneyli şair Rəsul Qədirinin Qarabağ xanı Pənahəli xanın nəvəsi, İbrahim xanın qızı və Xurşidbanu Natəvanın bibisi Ağabəyim Ağanın faciəli taleyini əks etdirən “Xarı bülbül” poemasının səhnələşdirilməsi də olduqca təsirli idi. Fətəli şahın Tehranda Ağabəyim ağanın könlünü almaq üçün saldırdığı “Vətən bağı”ndakı güllərin azyaşlı şagirdlər tərəfindən canlandırılması hələ də gözlərimin önündən getməyib. Çox maraqlıdır ki, bütün bunlar başqa bir şagirdin sazda çaldığı “Qarabağ şikəstəsi”nin yanıqlı sədaları altında baş verirdi. Burada balaca fidanların canlı olaraq yaratdığı gül obrazları şux və təravətlidir, təkcə Xarı bülbül çiçəyi soluxmuş-büzüşmüş halda göstərilir və məşhur “Xarı bülbül” mahnısının niskilli sədaları eşidilir. Sonda yenə şagirdlərin ifasında “Zəfər nəğməsi” səsləndirilir:
Deyirdin, bəs yalnız xatirələrdə,
Bir də nəğmələrdə qaldı Qarabağ.
Otuz qarlı-qışlı dağları aşıb,
Qolun boynumuza saldı Qarabağ…
Bu cür nikbin notlar fonunda pərdə çəkilir, əzəmətli Şuşa qalası görünür, Xarıbülbül və digər gül obrazları qalanın qarşısında rəqs edirlər. Prezident İ.Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışının sonunda söylədiyi: “Yaşasın Şuşa! Yaşasın Qarabağ! Qarabağ Azərbaycandır!” –sözlərini bütün şagirdlər xorla təkrar edirlər. Və güneyli şair Vüqar Nemətin “Qarabağım” şeirindən ürəyi riqqətə gətirən aşağıdakı misralar səslənir:
Bu şeiri nə mən, nə sən,
Ancaq biz yazacağıq!
Bu şeiri bitirmirəm
Bu şeir sənlə başlanıb,
Zəngəzurdan da keçib.
Müəbbəd bir ülküdə,
Əbədi bir ölkədə
Turanda bitəcəkdir.
Bunu böylə bitirsəm,
Əlim, qolum qurusun!
Yarası sağalmayıb
Mehri, Qafan, Gorusun…
Öndə işimiz çoxdur,
Vətən bütövləşənədək
Bu şeir yarımçıqdır…
Doğrudan da, böyük bir Millət olaraq, bizim birlik şeirimiz, bütövlük dastanımız hələ bitməyib və yarımçıqdır. Bunu hamılıqla – birlikdə yazmalı, birlikdə tamamlamalıyıq. Beləliklə, bu qısa, lakin yüksək ideyalı, dolğun məzmunlu təqdimat başa çatır, bu məqamda Şəmistan Əlizamanlının ifasında “Azadlıq marşı” səslənir. Bütün kompozisiya iştirakçıları – şagirdlər, hətta başlanğıcda soluxmuş Xarı bülbülü canlandıran zərif fidan qızcığaz da, artıq qalib ordunun əsgərləri kimi, əllərində Azərbaycan bayraqları ritmə uyğun rəqs edirlər.
Əslində bu yadda qalan tədbirin keçirilməsində zəhmət payı olan məktəb direktoru, təcrübəli pedaqoq Zinyət Tağıyeva və rejissorluq vəzifəsini uğurla yerinə yetirən dil-ədəbiyyat müəllimi Raziyə Şükürovanın və başqalarının əməyi ayrıca qeyd olunmalı, onların haqqında daha çox xoş sözlər deyilməliydi.
Ancaq təqdimat-tamaşa məni o qədər təsirləndirdi ki, belə rəsmi etiket qaydalarına, demək olar ki, əməl eləyə bilmədim, sadəcə öz təəssüratımı böıüşməyə üstünlük verdim. Sonda təqdimat mərasiminin araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsi bir daha minnətdarlıqla xatırlayır və Güney Azərbaycan ədəbiyyatını Quzeydə və Türk dünyasında tanıtmaq missiyasını uğurla üstlənən və bu yöndə yorulmadan çaba göstərən kitabın tərtibatçi-müəllifi, filologiya elmləri doktoru, dosent Esmira Fuada yeni yaradıcılıq uğurları arzulayıram.
Zəkulla Bayarmlı
Filologiya üzrə fəlsəfə doktoru, dosent