2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib.
Bu barədə AZƏRTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində Türkiyədə nəşr edilməsinə icazə verilib. Bu kitablardan birincisi klassik ədəbiyyatımızın böyük şairi Məhəmməd Füzuli və Mühibbi təxəllüsü ilə qəzəllər yazmış Sultan Süleyman Qanuni haqqında “Eşq sultanı” romanıdır. Türkiyə ilə ortaq ədəbiyyat dəyərlərimizi canlandıran bu roman anam Əzizə Cəfərzadənin son əsəridir və yazıçı onu audioformatda diktofona yazıb. Mən onu ilk dəfə 2005-ci ildə professor Vaqif Sultanlının redaktəsi ilə nəşr etdirmişəm.
İkinci çap olunan kitab “Sabir” romanıdır. Bu əsər satirik şairimiz Mirzə Ələkbər Sabirin həyatından bəhs edir və onun bu il qeyd olunan 160 illik yubileyinə bizim töhfəmizdir.
Üçüncü kitab isə dövründə Əzizə Cəfərzadəni ən çox məşhurlaşdıran XIX əsr Azərbaycan ədəbiyyatının böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvanidən bəhs edən “Aləmdə səsim var mənim” romanıdır”.
Yazıçının digər əsərlərinin türkcəyə çevrilməsi və nəşri üzərində işlərin davam etdirildiyini bildirən müsahibimiz deyib: “Müqaviləyə əsasən “Bakı-1501” və “Yad et məni” romanları da Türkiyə oxucularına təqdim ediləcək. Bu kitabları türkcəyə çevirən Mustafa Öğünç müasir türk dili və ədəbiyyatı üzrə təhsil almış istedadlı gəncdir. Ona Azərbaycan-Türkiyə münasibətlərində mühüm əhəmiyyət kəsb edən bu işlərində uğurlar diləyirik.
“Eşq sultanı” və “Aləmdə səsim var mənim” kitablarının türkcə variantını diqqətlə oxuyub qeydlər etmiş, həmyerlimiz, riyaziyyatçı, Ankara Universitetinin professoru Şahin Əmrahın da böyük zəhməti var. Onu da qeyd edək ki, Şahin Əmrah “Aləmdə səsim var mənim” romanında adı dəfələrə çəkilən din xadimi Hacı Məcid Əfəndinin kötücəsidir. “Sabir” romanının türkcə variantının orijinala uyğunluğunu isə yazıçının qardaşı nəvəsi Aygül Cəfərzadə yoxlayıb.
Əzizə Cəfərzadənin bu kitablardan əvvəl “Anamın nağılları” kitabı 1990-cı ildə Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən çap edilib. 2006-cı ildə isə yazıçı-alimin toplayıb, tərtib etdiyi 800 illik qadın yaradıcılığımızı əks etdirən “Azərbaycan aşıq və şair qadınları” kitabı da Çingiz Alyılmaz tərəfindən türkcəyə çevrilərək nəşr edilib”.
Mənbə: https://azertag.az