“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən həyata keçirilən “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihəyə start verildi.
Layihə çərçivəsində xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən seçilmiş 16 gənc rəssamın Ağdam rayonuna səfəri təşkil olundu.
Türkiyə, Amerika Birləşmiş Ştatları, Belarus, Kuba, İran, Qazaxıstan, Latviya, Malta, Pakistan, Slovakiya, İspaniya, İordaniya, Meksika, Qətər, eləcə də ölkəmizi təmsil edən rəssamlar Ağdam rayonunda Cümə Məscidi, Şahbulağ qalası, İmarət, Mədəniyyət evini, həmçinin Şəhidlər xiyabanını ziyarət etdilər. Rayonun təbiəti və tarixi məkanlarından ilhamlanaraq rəssamlar öz əsərlərini yaratmağa başlamışlar.
Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə çərçivəsində Ağdamla yanaşı, Şuşa, Füzuli və Cəbrayıl rayonlarına səfər planlaşdırılır.
Layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.
Mənbə: https://culture.gov.az