Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin geniş iclası keçirilib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, iclas zamanı ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı müzakirə edilib.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox əlamətdar bir hadisədir. Heydər Əliyev hələ sağlığında öz misilsiz xidmətləri ilə xalqımızın qəlbində əfsanəvi şəxsiyyət kimi hörmət qazanıb. Onun parlaq obrazı, əvəzolunmaz fəaliyyəti incəsənətin müxtəlif sahələrində – o cümlədən, Azərbaycan bəstəkarlarının yaradıcılığında öz əksini tapıb.
Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Vasif Allahverdiyev və digər bəstəkarlar Heydər Əliyevə həsr olunmuş monumental simfonik əsərlər yaratmışlar. Onun işıqlı obrazı digər musiqi janrlarında yazılmış əsərlərdə – kantatalarda, odalarda, mahnılarda vəsf olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqında hər il mütəmadi olaraq, Heydər Əliyevin doğum və anım günləri qeyd olunur, elmi konfranslar keçirilir, böyük rəhbərə həsr olunmuş yeni əsərlər dinlənilir və müzakirə edilir.
İdarə Heyəti üzvlərinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planına uğun olaraq ona həsr olunmuş əsərlərdən ibarət konsertlərin və “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” adlı elmi konfransın keçirilməsi haqqında təkliflər səsləndirilib.
İdarə Heyətinin sədri Firəngiz Əlizadə bəstəkarları ümummilli lider Heydər Əliyevin obrazını əks etdirən müxtəlif janrlı yeni əsərlərin yaradılması üçün səfərbər olmağa səsləyib. Xüsusilə, Ulu Öndərin əvəzedilməz xidmətlərini əks etdirən iri həcmli monumental əsərlərin yazılmasının vacibliyi qeyd olunub.