Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Fikrət Əmirov 100” Musiqi Festivalı çərçivəsində, Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı keçirilib.
Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin və dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında keçirilən konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli, Azər Zeynalov, Teyyub Aslanov, solist Safura Aslanova çıxış ediblər. Konsertdə “Azərbaycan” simfonik suitası, “Azərbaycan elləri”, H.Cavidin “Şeyx Sənan” musiqili dramından “Kor ərəbin mahnısı”, “Kürdi-Ovşarı” simfonik muğamı, “Sevil” operasından Balaşın ariyası və “Azərbaycan kapriççosu”, F.Əmirov-E.Nəzirova – piano və orkestr üçün ərəb mövzuları əsasında Konserti səsləndirilib.
Onu da qeyd edək ki, konsertin proqramında Fikrət Əmirovun işlənməsində Xalq mahnısı “Gözəlim sənsən” dirijor Mustafa Mehmandarovun redaktəsində ilk dəfə olaraq Azər Zeynalov tərəfindən ifa olundu.
Konsert proqramı tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.
Mənbə: https://culture.gov.az/