Noyabrın 22-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

Gecədə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Fikrət Əmirovun 100 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət səviyyəsində qeyd olunur. İlin əvvəlindən Azərbaycanda və ölkə hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu sırada Fikrət Əmirova həsr olunmuş beynəlxalq bəstəkarlıq müsabiqəsi, onun fortepiano musiqisindən ibarət musiqi albomunun buraxılması və UNESCO-da gerçəkləşən yubiley konsertini xüsusilə qeyd etmək olar.

Diqqətə çatdırılıb ki, 12-23 noyabr tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş musiqi festivalı keçirilir. Festival çərçivəsində bəstəkarın ata yurdu olan Gəncə şəhərində də tamaşa nümayişi və simfonik konsert təşkil olunub. Uzun illərdən sonra ilk dəfə Fikrət Əmirovun “Sevil” operası onun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş olunub.

“Günümüzdə Azərbaycanın musiqi incilərindən danışarkən Fikrət Əmirovun yaradıcılığı ilk olaraq xatırlananlar sırasındadır. Sənətkarın hər bir əsəri azərbaycançılığı, milli dəyərlərimizi təbliğ edir. Onun Azərbaycan və dünya musiqisinə bəxş etdiyi simfonik muğamlar bəstəkarın qəlbindəki muğam sevgisinin bariz nümunəsidir”, – deyə Vaqif Əliyev vurğulayıb.

Ötən əsrin 50-ci illərində, sovetlər dövründə, ABŞ-dakı “Karnegie Hall”da “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarının səslənməsinin Azərbaycan bəstəkarlıq məktəbinin böyük uğuru olduğunu vurğulayan Vaqif Əliyev bu gün də həmin tarixin təkrarlandığını, paralel olaraq “Karnegie Hall”da da Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirin keçirildiyini qeyd edib.

Yubiley gecəsində maestro, Xalq artisti Rauf Abdullayevin, dirijorlar – Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artist Əyyub Quliyev və Mustafa Mehmandarovun idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı, həmçinin Xalq artisti Kamilla Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, solistlər – Xalq artistləri Alim Qasımov, Yeganə Axundova, Samir Cəfərov və başqaları çıxış ediblər.

Mənbə: https://culture.gov.az/