Daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verən görkəmli tarzən Əhməd Bakıxanov muğam aləminin mükəmməl bilicisi olmaqla yanaşı, tar ifaçılığının sirlərinə dərindən yiyələnib. Yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Ə.Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilərək, ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.
Bu sözləri dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, ustad tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert proqramından əvvəl çıxış edən Əməkdar artist Azad Şükürov deyib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə görkəmli sənətkarın 130 illiyi silsilə tədbirlərlə qeyd edilir.
Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Xalq artisti Ramiz Quliyev, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli görkəmli tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığından danışıblar. Qeyd olunub ki, 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyib. Eyni zamanda, Azərbaycan radiosunun nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi olub, ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınıb. O, həmçinin “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur. Əhməd Bakıxanovun ifasından bəstəkar N.Məmmədov tərəfindən bir çox instrumental muğamlar -“Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Segah-Zabul”, “Rahab”, “Şüştər”, “Hümayun”, “Şahnaz” muğamları nota salınaraq çap olunub. Ə.Bakıxanovun oğlu, bəstəkar, Xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun”, “Rahab” simfonik muğamlarını bəstələyib.
Konsertdə Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblı çıxış edib.
Mənbə: https://culture.gov.az/