ƏSGƏRİM

Qarabağım darda qalıb,
Satan satıb, alan alıb.
Namərd bizi dərdə salıb,
“Misri”, “Cəngi” çal, əsgərim,
Qarabağı al, əsgərim.

Dağlar yanır, daşlar yanır,
Qarı düşmən haqqı danır.
Ürəkdə qəzəb oyanır,
“Misri”, “Cəngi” çal əsgərim,
Qarabağı al, əsgərim.

Demə bəxtimiz yatıbdı,
Düşmən od-ocaq çatıbdı.
Döyüş zamanı çatıbdı,
“Misri”, Cəngi” çal, əsgərim,
Qarabağı al, əsgərim.

Qazan xanın nəvəsisən,
Koroğlunun nərəsisən,
Babəkin qeyrət səsisən,
“Misri”,” Cəngi” çal, əsgərim,
Qarabağı al, əsgərim.

Bu dərd-kədər bizi əyir,
Doğma dağlar qara geyir,
Vətən sənə oğul deyir,
“Misri”, “Cəngi” çal, əsgərim,
Qarabağı al, əsgərim.

İGİD ƏSGƏR

Igid əsgər, igid əsgər,
Vətən, yurd səni səsləyir.
Ana Vətən, doğma diyar,
Indi sənə oğul deyir.

Bu torpağın oğlu heç vaxt,
Qorxu bilməz, igid əsgər.
Qoyma gülsün quduz düşmən,
Ayağa qalx, hünər göstər.

Meydan vermə namərdə sən,
Pozulmasın sərhəddimiz.
Silahını qoyma əldən,
Qoy ucalsın Vətənimiz.

Bu millətin qeyrəti var,
Qoy tanısın cahan səni.
Qarabağı vermə yada,
Igid əsgər, möhkəm dayan.