“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
Ömür var təzadlı, ömür var qəliz,
Yaşayır, qoyaraq hərə bir cür iz…
Həyat ləzzətinə tamarzıyıq biz,
Onsuz da hər nə var dadından çıxıb.
Elə ki, deyirsən sözün əslini,
Sənə yaşadırlar xəzan fəslini.
Oğul var unudub əsil-nəslini,
Ata soyadından, adından çıxıb.
Yaşanan çox günün çiləsi var ki?!
Bitmək də bilməyir, “hələ”si var ki…
Yaşamaq eşqiylə eləsi var ki,
Sürünüb cəhənnəm odundan çıxıb.
Adi hal olubdur ədavət etmək,
Ədavət sonucu, “cinayət” etmək…
Vallah “adamlara” nəzarət etmək,
Deyəsən Allahın yadından çıxıb.
Rüfət Axundlu.
09.08.2022