Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deqati ilə görüşüb.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum tərəfindən 2022-ci ilin dekabrında Türkiyənin Bursa şəhərində təşkil olunan “Şuşa günləri” çərçivəsində keçirilmiş Reza Deqatinin Qarabağın qədim tarixini və zəngin mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” adlı fotosərgisini xatırlayaraq, onun Bursa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.

Fondun prezidenti türk dünyasının çoxəsrlik zəngin irsinin geniş təbliğinin önəmindən, təşkilatın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri ilə bağlı layihələrindən danışıb.

Reza Deqati Fondun türkdilli xalqların tarixinin, elmi-mədəni irsinin öyrənilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib.

Görüşdə həmçinin Reza Deqatinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gələcək layihələrində fəal təmsil olunması məsələsi müzakirə olunub.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

Mənbə: https://azertag.az