Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubiley münasibətilə “Pillə” İkinci Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edilib.
AZƏRTAC xəbər verir ki, iyunun 5-dən 9-dək keçiriləcək festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir.
Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə müəyyənləşdiriləcək. Qaliblərə münsiflər heyətinin və gənc tənqidçilərin xüsusi mükafatları təqdim olunacaq.
Festivalda ADMİU-nun və digər universitetlərin baklavr və magistr pilləsi üzrə təhsil alan tələbələri iştirak edə bilər. Müsabiqəyə göndərilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur. İştirakçılar tamaşaların posterini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilən materiallar 2023-cü il mayın 20-dən gec olmayaraq festival@admiu.edu.az elektron poçt ünvanına göndərilməlidir.