Mədəniyyət Nazirliyinin 2022-ci ildən həyata keçirdiyi “Yeni adlar” musiqi layihəsi bu il də davam edir.
AZƏRTAC xəbər verər ki, müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihə bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.
Layihənin yeni mövsümdə ilk konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib.
Konsertdən əvvəl qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları Canel Nəcəfli (violin), Səid Bağırzadə (klarnet) və Zaur Məmmədov (gitara) öz ifaları ilə musiqisevərlərin könlünü oxşadılar.
Canel Nəcəflinin ifasında V.A.Motsartın “Violin və orkestr üçün 3 nömrəli konsert” (sol major, op.216), Səid Bağırzadənin ifasında K.Veberin “Klarnet və orkestr üçün 1 nömrəli konsert” (fa minor, op.73), Zaur Məmmədovun təqdimatında isə X.Rodriqonun klassik gitara və orkestr üçün “Concierto de aranjues” əsərləri alqışlarla qarşılanıb.