Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 ili tamam olur.
Orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirmişdir. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olmuş və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırmışdır. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazmışdır. Onun hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanmış, respublikanın mədəni həyatında hadisəyə çevrilmişdir. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan teatrının inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş görkəmli rejissor Tofiq Kazımovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2023-cü il
Mənbə: https://president.az/