Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Səni gözləməyi yadırğamışam,
Unudub pəncərəm yol izlərini.
Üfüqə boylanıb ruhum hər axşam,
Boyamır həsrətə gündüzlərini.
Səni gözləməyi yadırğamışam,
Qəmin yox beynimin xatirəsində.
Əllərin çoxdandır cığır çəkməyir,
Tərli bədənimin xəritəsində.
Səni gözləməyi yadırğamışam,
Taqət də qalmayıb ayaqlarımda.
Daha həya edib qızara bilmir,
Eşqin, ehtirasın yanaqlarımda.
Səni gözləməyi yadırğamışam,
Nə qərib duyğudur, bir bilə bilsən.
Unuda-unuda qaya olmuşam,
Ərit yaddaşımı, əridə bilsən.
Hər tərəf köksünü ötürən payız,
Vaxtdan dünənimi ala bilmirəm.
Görəsən, mənmiydim səni sevən qız?
Bağışla, yadıma sala bilmirəm.
Səni gözləməyi yadırğamışam…