Azərbaycanın Qırğızıstandakı səfirliyi Novruz bayramı münasibətilə təntənəli tədbir keçirib. Tədbirə digər dövlətlərin səfirləri, qardaş ölkənin siyasi və ictimai xadimləri, Azərbaycan diasporunun və Qırğızıstan ictimaiyyətinin tanınmış nümayəndələri dəvət edilib.
AZƏRTAC xəbər verir ki, Qırğızıstanda çıxan “Veçerniy Bişkek” qəzetinin müxbiri Nina Niçiporovanın məqaləsində bu tədbirdən bəhs edilir.
Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov tədbirdə çıxış edib. O qeyd edib ki, hazırda mürəkkəb bir dövrdə yaşayırıq – xəstəliklər, münaqişələr, böhranlar və bir sıra başqa mənfi hadisələr göz qabağındadır. Lətif Qəndilov deyib: “Arzum budur ki, qardaş xalqlarımızın evlərində həmişə əmin-amanlıq olsun. Azərbaycan xalqı müharibənin və onun nəticələrinin nə demək olduğunu öz təcrübəsində görüb. Əminəm ki, heç bir pislik cavabsız qalmayacaq. Bahar gəlir və özü ilə bərabər yaxşılığa doğru dəyişikliklər gətirir. Novruz yeni həyatın başlanğıcı, xeyirin şər üzərində, sevincin kədər üzərində qələbəsinin rəmzidir. Gəlin ümid edək ki, ədalət zəfər çalacaq”.
Diplomat cari ilin Azərbaycan və Qırğızıstan xalqları üçün vacibliyini xatırladaraq deyib: “Bu il Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, qırğız xalqının böyük oğlu, yazıçı Çingiz Aytmatovun 95 illiyidir. Qarşıda bizi böyük işlər gözləyir. Biz Türk dünyasının böyük xadimlərinin yubileylərini layiqincə qeyd etməliyik”.
Qırğızıstan Ali Sovetinin keçmiş spikeri Medetkan Şerimkulov vurğulayıb ki, xalqlarımız arasında ortaq mənəvi, tarixi və əxlaqi köklərə, ortaq dəyərlərə və ənənələrə əsaslanan tarixi münasibətlər var. O deyib: “Biz müasir Qırğızıstan-Azərbaycan münasibətlərini məhz bu möhkəm təməl üzərində qururuq”.
Diplomat Janış Rustenbekov “Veçerniy Bişkek” qəzetinə müsahibəsində qeyd edib ki, bu bayram həm türkdilli ölkələrin, həm də başqa dövlətlərin xalqlarını birləşdirir. O vurğulayıb: “Üstəlik, biz çoxmillətli respublikalarda yaşayırıq. Ona görə də hamımızı xoşbəxtliyə doğru aparan dəyişikliklər arzu edirəm”.
Tədbir iştirakçıları dostluğun, baharın rəmzi olan bu gözəl bayram tədbirinin təşkilinə, azərbaycanlılara xas olan qonaqpərvərliyə görə səfir Lətif Qəndilova səmimi təşəkkürlərini bildiriblər.
Səfirlik Novruz bayramına həsr edilmiş gözəl musiqili proqram təşkil edib. Proqramda qırğız, türkmən, qazax, özbək və türk dillərində Novruz bayramı mövzusunda mahnılar səslənib. Azərbaycan milli rəqsləri və ölkəmizdə Novruz bayramının necə qeyd edilməsi haqqında süjet tədbir iştirakçılarının əhvalını daha da yaxşılaşdırıb.