2023-cü ilin martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi keçirildi.
Sözügedən sərgi üçün ayrılmış ekspozisiya zallarında Çin incəsənətinə məxsus qədim tanrılar və müdriklərin heykəlləri, rəsm əsərləri, məişətdə istifadə olunan toxuculuq məhsulları, çini vazalar, mebellər və s. nümayiş olunur.
Təşkil edilən sərginin ekspozisiyası Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyır.
Məlumat üçün bildiririk ki, “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində davam edir.
Qeyd edək ki, sərgi 30 iyun 2023-cü il tarixinədək davam edəcəkdir.