Aprelin 25-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Orxan Həşimov) müşayiəti ilə istedadlı violin ifaçıları Ümidə Abasova və Dəniz Həsənov çıxış edəcəklər.
Qeyd edək ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Tanınmış dirijorların rəhbərliyi altında gənc ifaçıların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.