Mədəniyyət Nazirliyinin tabeliyində 2021-ci ildən fəaliyyət göstərən “Filming Azerbaijan” MMC (Azərbaycan Film Komissiyası) ötən müddət ərzində bir çox yerli və beynəlxalq layihələrdə, həmçinin İFFTC və MİPCOM kimi böyük beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib, bir sıra beynəlxalq kino jurnallarında “Filming Azerbaijan” haqqında məqalələr dərc olunub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
2022-ci ildən ABŞ-də yerləşən Ümumdünya Film Komissiyaları Assosiasiyası – AFCİ-yə üzv qəbul edilərək beynəlxalq fəaliyyət üçün sertifikat alan “Filming Azerbaijan” ABŞ, Böyük Britaniya, Almaniya, Pakistan, Hindistan, Türkiyə, İndoneziya kimi ölkələrin tanınmış film istehsalçıları ilə əməkdaşlıq edərək, birgə film, klip, reklam çarxlarının, o cümlədən “Netflix” (“Gray Man” filmi), “Disney+” (“Aar ya paar” filmi) kimi platformalar üçün filmlərin ölkəmizdə çəkilişinə təşkilati dəstək göstərib.
Ən son Pakistan brendi olan “Sufi” üçün reklam çarxı və Hindistanın tanınmış müğənnisi Stebin Ben üçün musiqili videonun (yutub platformasında həmin videonun baxış sayı 33 milyondan çoxdur, https://www.youtube.com/watch?v=8tUtWSVZAXQ) Azərbaycanda çəkilişlərinə dəstək göstərib. “Filming Azerbaijan” hazırda Sinqapur, BƏƏ, Hindistan və Argentina film istehsalçıları ilə bu il ərzində həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr üzərində işlər aparır.