Respublika Uşaq Kitabxanasının uşaq və yeniyetmələr üçün təsis etdiyi “Göy Qurşağı” jurnalının 77-ci buraxılışı işıq üzü görüb.

Kiatbxanadan AZƏRTAC-a bildirilib ki, 32 səhifədən ibarət jurnalda Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermiş Firidun bəy Köçərli haqqında geniş və eyni zamanda, maraqlı məlumatlar verilib.

Jurnalın ilk səhifələrində Respublika Uşaq Kitabxanasının “Qızıl fonddan seçmələr” başlığı altında Cəlil Rəfiyevin “Quş yuvası” nağılı və Hikmət Ziyanın “Quşların nəğməsi” şeiri yer alıb.

“Yeni kitablar bizim rəflərimizdə” rubrikasında isə uşaqların bilməsi mühüm olan anlayışlar, zaman, məkan, ölçü vahidləri, sadə toplama və çıxma əməlləri, məntiqi tapşırıqlar, diqqət və yaddaşı inkişaf etdirmək üçün rəngli, şəkilli, nəfis tərtibatlı kitabların annotasiyaları verilib.

Jurnalda “Nəğməkar quş nə deməkdir? ”, “Nağıllar ayı”, “Uşaqlarınızın ehtiyaclarını başa düşün”, başlıqları altında maraqlı məlumatlar, həmçinin Şəlalə Əmrahovanın alman dilindən tərcümə etdiyi “Bir qış axşamı” (Elke Breunling), “Nənə və babalar super qəhrəman kimidirlər” (Fausto Brizzi), “Потешкина дорога” (Yuliya Kərimova), “Brave bear” (Solmaz Amanova) və Ələmdar Quluzadənin balacalar üçün yazdığı şeirlər yer alıb.

Jurnalın digər səhifələrində uşaqlar həmyaşıdlarının yaradıcılığı ilə yaxından tanış ola bilər. Balaca rəssamların “Sualtı fantaziya” mövzusunda olan rəngarəng və gözəl rəsmləri sərgilənib.

Jurnalın son səhifələrində isə yeniyetmə-gənclərin kitaba, mütaliəyə, maarifləndirici yarışlara marağının artırılması, intellektual və yaradıcı inkişafına təkan verilməsi məqsədilə məntiqi suallar, tapmaca və digər əyləncəli oyunlar yer alıb.

Mənbə: https://azertag.az/