İsveçin Malmö şəhərinin üçüncü dəfə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etməsi nəzərdən keçirilir. Belə ki, Malmö 992 və 2013-cü illərdə “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, Krallıq təmsilçisinin “Avroviziya 2023” yarışda qələbəsi ilə Malmö şəhərinin gələn il 68-ci müsabiqəyə də ev sahibliyi etməsi üçün yenidən müraciət oluna bilər.
“Malmö Arena” İsveçin ikinci ən böyük qapalı arenasıdır, buna baxmayaraq onun ərazisi Stokholmdakı “Tele2” və “Friends Arena”sından bir qədər kiçikdir ki, bu səbəbdən də onlar yarışa ev sahibliyi etmək üçün favorit hesab olunur. Bununla belə, Malmö müəyyən qoyulmuş standartlara cavab vermək üçün bütün mövcud imkanları araşdırmağa hazırdır.
Qeyd edək ki, mayın 14-də İsveçli müğənni Lorin Böyük Britaniyada keçirilən 67-ci “Avroviziya” müsabiqəsində “Tattoo” mahnısı ilə qalib olub. Bundan əvvəl Lorin 2012-ci ildə Azərbaycanın paytaxtı Bakıda “Eyforiya” kompozisiyası ilə qalib gəlmişdi.
Ümumilikdə, İsveçli ifaçılar bu mahnı müsabiqəsində yeddi dəfə qalib olub – 1974, 1984, 1991, 1999, 2012, 2015 və 2023 illərdə. Bu, İsveçi İrlandiya ilə birlikdə Avroviziya”da ən uğurlu ölkə edir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Mənbə: https://azertag.az/