Diasporla İş üzrə Dövlət Komitəsində Almaniyanın Koblents şəhərində yaşayan Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Milli Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri” Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomunun təqdimat mərasimi keçirilib. “Bizim Şuşa” albomu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yerli ictimaiyyətin tanınmış simalarının, Komitənin əməkdaşlarının və diasporumuzun Bakıda səfərdə olan fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Əşrəf Heybətovun yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçılarını salamlayan Komitə sədrinin birinci müavini Valeh Hacıyev Xalq rəssamının həyat və fəaliyyətindən danışıb. Onun Almaniyadakı diaspor quruculuğunda fəal iştirakından, Komitə ilə əməkdaşlığından və həyata keçirilən birgə layihələrdən söz açıb.
Tədbirdə kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun direktor müavini dosent Tofiq Nəcəfli, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycanın Əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan və başqaları çıxış ediblər.
Qonaqlar Azərbaycan ziyalılarının dəyərli təmsilçilərindən biri olan rəssamı “Bizim Şuşa” albomunun nəşr olunması münasibətilə təbrik ediblər. Qeyd olunub ki, tarixi vətənindən kənarda yaşamasına baxmayaraq, dünyaşöhrətli rəssamın ürəyi hər zaman Azərbaycanla döyünür, o, ölkəmizin həqiqətlərini, zəngin mədəniyyətini fırçası vasitəsilə təbliğ edir. Onun yaradıcılığını, xalqımıza, vətənimizə, işğaldan azad edilmiş Qarabağa, Şuşaya vurğunluğunu, vətənpərvərliyini və şəxsi insani keyfiyyətlərini yüksək qiymətləndirən natiqlər bütün bu amillərin “Bizim Şuşa” albomunda da əks edildiyini vurğulayıblar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qarabağı işğaldan azad etməsinin bütün xalqımızı, o cümlədən yaradıcı insanları ürəkdən sevindirdiyi yada salınıb. Hazırda Qarabağda və mədəniyyət paytaxtımız Şuşada irimiqyaslı bərpa-quruculuq işlərinin aparılmasının, “Böyük Qayıdış” proqramının icrasına başlanılması qürurunun yaşandığının və bu məqamların böyük əsərlərlə ifadə olunacağına əminlik bildirilib. “Bizim Şuşa” albomu buna bariz nümunə kimi göstərilib.
Əşrəf Heybətov təqdimat mərasiminin təşkilinə və xoş sözlərə görə Komitəyə və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. “Bizim Şuşa” albomunun yaranması ideyası və albom üzərində işi barədə ətraflı məlumat verib.
Mənbə: https://azertag.az/