Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli sentyabrın 28-də Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Liderin Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra mərkəzə baxış olub.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə əlaqədar təklif, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.
Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
Mənbə: https://azertag.az/