Tanınmış şair Namiq Hacıheydərli Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının 20 illik yubiley medalı ilə təltif edilib. UNESCO Beynəlxalq Mərkəzinin assosiativ üzvü olan akademiya yubiley medalını maraqlı elmi araşdırmaları, publisistik yazıları, şeirləri ilə oxucuların rəğbətini qazanan şair, yazıçı və jurnalistlərə təqdim edir. Qeyd edək ki, Namiq Hacıheydərlinin araşdırmaları, ədəbi, bədii, publisistik yazıları cəmiyyət tərəfindən rəğbətlə qarşılanır, onun maarifçilik fəaliyyəti təqdir olunur. Namiq Hacıheydərlinin xüsusilə Türk dünyasının, Türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənəsinə, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr olunmuş yazıları qədim dövr mədəniyyətimizin öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. O, “Sözüm sənədi, Tanrım”, “Dağ Kolanı dastanı”, “Səni tapan itirməz”, “Ey Türk doğulan”, “Əski türk soylarından biri Kolanılar”, “Canlı əfsanə” olmaqla, ümumilikdə 10 kitab müəllifidir. Namiq Hacıheydərli Ankarada, Dərbənddə, Yaltada elmi konfranslarda Azərbaycanı ləyaqətlə təmsil edib. Şairin şeirləri Türkiyədə, Rusiyada, Qazaxıstanda, Quzey Kıbrısda dərc olunub. Namiq Hacıheydərlini beynəlxalq mükafatla təltif edilməsi münasibəti ilə ürəkdən təbrik edirik, azərbaycanlı şairin fəaliyyətinə verdiyi yüksək dəyərə görə Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru, Ukraynanın əməkdar jurnalisti Vasili Fyodroviç Tarçineçə, eləcə də akademiyanın beynəlxalq əlaqələndiricisi Natalya xanım Dimitskayaya minnətdarlığımızı bildiririk.
Böyükağa Mikayıllı