Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Gəncə Dövlət Dram Teatrında çıxış edib.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

Qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha səmərəli keçirilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Mənbə: https://culture.gov.az/