Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və yaradıcı sənayeləri üzrə tədris və inkubasiya mərkəzində Cultech Akademiyası üçün müraciətlərin qəbuluna başlandı.

Cultech Akademiyası proqramları mədəniyyət texnologiyaları sahəsində fəaliyyət göstərmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına yönəlib.

Mədəni irsin rəqəmsallaşdırılması istiqamətində proqramlaşdırma kursunun nəznində tələbələrə “Flutter” ilə mobil proqramlaşdırmanın əsasları, tətbiq interfeysinin hazırlanması, vidcet strukturları, mənbələr və alətlərin öyrədilməsi nəzərdə tutulub. Həmçinin tələbələrə artırılmış reallıq (AR) texnologiyalarının əsas prinsipləri və praktiki vərdişlər tədris ediləcək.

Kurs 4 ay müddətinə yekunlaşacaq. Təlimin sonunda bütün iştirakçılar diplom işləri hazırlayaraq ilk peşəkar portfolioya sahiblənəcəklər.

Qeydiyyat oktyabr ayının 31-nə kimi davam edəcək. Kursa qatılmaq istəyən şəxslər edu.creative.az linkinə daxil olub Cultech Akademiyası bölməsindən qeydiyyat üçün müraciət edə bilər.

Mənbə: https://culture.gov.az/