Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “20 noyabr Ağdam Şəhəri Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, fotolar, dövri mətbuat səhifələrində Ağdam şəhəri haqqında dərc olunan məqalələr, Qarabağ zəfəri, Ağdam şəhərinin tarixi haqqında kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

Noyabr ayının 20-si Ağdam şəhəri günüdür. Ağdam Şəhəri Günü Azərbaycanda ilk dəfədir qeyd olunur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 20 noyabr “Ağdam şəhəri günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Mənbə: https://azertag.az/