Bakıda görkəmli Ukrayna şairəsi Lesya Ukrainkanın xatirəsi yad edilib.
Bu barədə AZƏRTAC-a Ukraynalı Qadınlar İttifaqının Azərbaycandakı rəhbəri Lidiya Əliyeva-Şestak məlumat verib.
İttifaqın nümayəndələri Lesya Ukrainkanın Qaradağ rayonunun Lökbatan qəsəbəsinin eyniadlı parkında yerləşən abidəsinə gül dəstələri qoyublar. Onun şeirlərini Ukrayna və Azərbaycan dillərində səsləndiriblər.
“Azərbaycanın Ukrayna ilə bağlı olan və mədəni irsin və ya Vətənimizin görkəmli şəxsiyyətləri haqqında məlumatların təqdim olunduğu yerlər arasında onun büstünün quraşdırıldığı Lesya Ukrainka adına park mühüm yer tutur. Onun da öz maraqlı hekayəsi var. Qaradağ Rayon İcra Hakimiyyəti ilə İrpen şəhər Administrasiyası arasında 2003-cü ilin 27 iyul tarixində Əməkdaşlıq memorandumu imzalanıb. Daha sonra Lökbatan qəsəbəsində Lesya Ukrainka adına park yaradılıb və 2004-cü ildə parkda şairənin büstü qoyulub. Öz növbəsində, İrpen şəhərinin küçələrindən birinə görkəmli azərbaycanlı oftalmoloq alim, akademik Zərifə Əliyevanın adı verilib, onun adına park yaradılıb və büstü qoyulub”, – deyə Lidiya Əliyeva-Şestak bildirib.
Qeyd edək ki, 2021-ci ildə Bakıda Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Ukrayna şairəsinin “Meşə nəğməsi” dram-feeriyası nəşr olunub. Layihənin təşəbbüskarı və kuratoru qismində Marina Qonçaruk çıxış edib.
Mənbə: https://azertag.az/