Oğuzda “Regionun sevimli qonağı” layihəsi çərçivəsində Vaqif Aslanla görüş keçirilib

Oğuzda “Regionun sevimli qonağı” layihəsi çərçivəsində tanınmış şair, nasir, publisist, müəllim və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan ilə oxucuların görüşü keçirilib. Görüşdə çıxış edənlər qeyd edib ki, Şəki öz görkəmli şəxsiyyətləri, istedadlı ziyalıları ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının inkişafında mühüm rol oynayıb. Belə şəxsiyyətlərdən biri də çoxşaxəli yaradıcılığı ilə seçilən istedadlı qələm ustası Vaqif Aslandır. O, təkcə şair kimi deyil, həm də dramaturq, tədqiqatçı və tərcüməçi kimi də tanınır. Tədbirin bədii hissəsində Vaqif Aslanın poetik nümunələri səsləndirilib, iştirakçılar müəllifə suallar ünvanlayıblar. Görüş qarşılıqlı səmimi dialoq şəraitində keçib.Xatırladaq ki, Vaqif Aslanov 1950-ci il 5 iyul tarixində Şəki şəhər Kiş kəndində anadan olub.1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsini bitirib. 1973-1993-cü illərdə Şəkinin Kiş kəndindəki orta məktəbdə öz ixtisası üzrə müəllimlik edib. 1994-1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olmuşdur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir. Ədəbi fəaliyyətə “Vaqif Aslanov”, “Vaqif Cumayoğlu” imzaları ilə gəlmişdir. 1970-ci illərin ortalarından “Vaqif Aslan” təxəllüsü ilə tanınmağa başlayıb. Elmi-ədəbi məqalələr müəllifidir. Fransız və rus dillərindən tərcümələr edir. İlk mətbu şeiri 1967-ci ilin may ayında Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilib. Şairin ilk kitabı isə “Aydın” poemasıdır.