Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Bakıdakı Rus evinin dəstəyi ilə martın 6-da “Harmoniya” adlı qrup sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, Bakıdakı Rus evinin sərgi salonunda açılacaq sərgi 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.
Statusundan və yaşından asılı olmayaraq qadın gözəlliyi, incəlik, mənəvi müdriklik və qadına diqqət hər zaman təsviri sənət ustalarının yaradıcılığında tərənnüm edilib.
“Harmoniya” adlı qrup sərgisi qadın təbiətini, kainatın ülvi gözəlliyini əsərlərində tərənnüm edən rəssamların yaradıcılığına diqqət çəkmək məqsədilə keçiriləcək.
Sərginin ekspozisiyasında 30-a yaxın müəllifin müxtəlif üslub və texnikalarda ərsəyə gətirdiyi 40-a yaxın rəngkarlıq, heykəltaraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər nümayiş olunacaq.