AZƏRBAYCAN POSTMODERN ƏDƏBİYYATI

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “AZƏRBAYCAN POSTMODERN ƏDƏBİYYATI: nəsr, nəzm və dramaturgiya” adlı monoqrafiyası “GlobeEdit” akademik nəşriyyatında çap edilib. Monoqrafiyada Azərbaycan postmodern ədəbiyyatı geniş tədqiq obyektinə çevrilərək ictimaiyyətə təqdim edilməkdədir. Kitabda postmodern nəsr, nəzm, dram nümunələri, nəsrə xas fabula və süjet xətlərinə, obrazların açıqlanmasına, postmodern poeziyanın bədii xüsusiyyətlərinə və s. nəzər salınıb.Salidə Şərifovanın nəşr edilən “AZƏRBAYCAN POSTMODERN ƏDƏBİYYATI: nəsr, nəzm və dramaturgiya” adlı monoqrafiyası dörd fəsildən ibarətdir. I fəsil “Postmodern anlayışının yaranması və janr xüsusiyyətləri”, II fəsil “Azərbaycan postmodern nəsri”, III fəsil “Azərbaycan postmodern poeziyası”, IV fəsil “Azərbaycan postmodern dramaturgiyası” adlanır. “Azərbaycan postmodern nəsri” adlı II fəsil “Azərbaycan postmodern nəsrinin bədii xüsusiyyətləri”, “Azərbaycan postmodern nəsrinin fabulası”, “Azərbaycan postmodern nəsrinin süjet xətləri”, “Azərbaycan postmodern nəsrinin obrazları” adlı dörd yarımfəsildən, “Azərbaycan postmodern poeziyası” adlı III fəsil isə “Azərbaycan postmodern poeziyasının bədii xüsusiyyətləri”, “Azərbaycan postmodern dini poeziyası fenomeni” adlı iki yarımfəsildən ibarətdir.Monoqrafik tədqiqat çox yönlü janr imkanları olan ədəbi fenomen kimi Azərbaycan postmodern ədəbiyyatı ilə həm Azərbaycan oxucularına, həm də dünya oxucularına yaxından tanış olmaq imkanı yaradır.