Xalq şairi Zəlimxan YAQUB.”Bu yaşıl ağacın altı bizimdir”

Kök üstə budağı neçədir, bildim,
Budaqda yarpağı neçədir, bildim,
Salxımı,saçağı neçədir, bildim,
Bu yaşıl ağacın altı bizimdir.

Saçağı tərpənir tellərin kimi,
Yarpağı oynaşır əllərin kimi,
Düyməsi açılıb tüllərin kimi,
Bu yaşıl ağacın altı bizimdir.

Bu sevgi,bu layla,bu beşik bizim,
Çəkər növbəmizi bu keşik bizim.
Nəyimizə lazımdır ev-eşik bizim?
Bu yaşıl ağacın altı bizimdir.

Su içər sevginin kökü ömürdən,
Sevgi əl üzməsin təki ömürdən.
Xoş bir xatirədir iki ömürdən,
Bu yaşıl ağacın altı bizimdir.

Könlümüz havalı,gözümüz də ac,
Gəncliyin havası başımızda tac.
Bir sənsən,bir mənəm,bir yaşıl ağac,
Bu yaşıl ağacın altı bizimdir.

Atəş Allahındır,isti Allahın,
Ocaq Allahındır,tüstü Allahın.
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdir.

Dən kimi səpələ,toxum kimi ək,
Zəlimxan,bu anın ləzzətini çək.
Hələ bizdən sonra çoxu deyəcək:
Bu yaşıl ağacın altı bizimdir.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir