Adilə NƏZƏR.Yeni şeirlər (2026)

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, şairə-publsist

SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜMİDİM

Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

Bilmirəm nə işdi, daşdan fərqi yox,
Qaynar gözlərinin qışdan fərqi yox,
Qəlbimin bir bala quşdan fərqi yox,
Əcəl təri tökür hər nəfəsində.

Solur üzümdəki o tər baxışlar,
Tanrı surətini verməyib demək.
Görünür payızda yağan yağışlar
Yeddi rəng olmayır yaz yağışı tək.

Yarpağı tökülən ağacın dərdi
Payızın eyninə deyildir, paşam.
Eh, sənə nə var ki, mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

ŞEİR YAZMAQDAN YORULDUM

Mən bu ömrümü dünyada,
Nə mala, nə mülkə yordum.
Könül verdim təmiz ada,
Bir dost qəlbi oldu yurdum.

Yol aldım Adəmdən, Nuhdan,
Bədən ağır gəldi ruhdan…
Qaçarkən qaraguruhdan,
Qanadlarımdan vuruldum.

Şükür, hələ salamatam,
Düz yol gəlmişəm, rahatam,
Adamam, yolam, saatam,
İlahi, sənə quruldum.

Ağırdı ömrün şərtləri,
Keçmədim məlum xətləri,
Demədiyim lənətləri
Ahla havaya sovurdum.

Bu necə həyatdır? Aman,
Çox əllər var, bir əl yuyan…
Bircə nəfər adam duyan,
Görəm, sanam pirdi, nurdu.

Gözlər azad olmur nəmdən,
Həyat keçir pəncərəmdən.
Əlim üzülüb hər yerdən,
Burulğanında buruldum.

Sınadın, üzüağ idim,
Haqq yolunda sınaq idim,
Bir tumurcuq budaq idim,
Bahar vaxtında qırıldım.

Yamanlar göz açıb gedir,
Yaxşılar intihar edir,
Bilən bilir bu hal nədir,
Neçə yol ölüb-dirildim.

Xəyalım xoş gün izində,
Küləm bir ümid közündə,
Boğuldum qəm dənizində,
Dalğalandıqca duruldum.

Açar düşübdür dərinə,
Ümid Allahın rəhminə,
Xalqımın bitməz dərdinə,
Şeir yazmaqdan yoruldum.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir