Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir.

Layihə çərçivəsində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri iyulun 7-də Şəki şəhər Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

Ellada Məmmədovanın dirijorluğu ilə orkestrin ifasında Rafiq Babayevin “Parafraz” əsəri, eləcə də “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Babək” və “Bəxt üzüyü” kimi məşhur Azərbaycan filmlərindən seçilmiş musiqi nömrələri səsləndirilib. Konsert proqramında həmçinin Üzeyir Hacıbəyli, Rauf Hacıyev, Tofiq Quliyev, Oqtay Kazımi, Vasif Adıgözəlov, Eldar Mansurov və digər Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.

Konsertdə Xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədova, eləcə də Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat və Rövşən Qəhrəmanov çıxış ediblər.

Qeyd edək ki, bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəniyyətin regionlarda əlçatanlığının artırılması və vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

Mənbə: https://culture.gov.az/