
Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir
Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Oqtay Sadıqzadənin “Xurşidbanu Natəvanın portreti” əsəri Azərbaycan realist rəngkarlıq məktəbinin ən uğurlu nümunələrindən biridir. Burada rəssam ilk növbədə, tarixi şəxsiyyətin xarakterini və daxili dünyasını açmağa çalışıb. Natəvan interyer fonunda təsvir edilib. Arxa plandakı xalça ornamentləri, dekorativ məişət əşyaları və milli mühit elementləri obrazın yaşadığı dövr haqqında təsəvvür yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov deyib.
O diqqətə çatdırıb ki, portretin əsas təsir gücü baxışların ifadəsində cəmlənib. “Natəvanın gözlərində qətiyyət, müdriklik və daxili ləyaqət hiss olunur. O, yalnız şairə deyil, həm də Qarabağın ictimai həyatında mühüm rol oynamış nüfuzlu şəxsiyyət kimi təqdim edilir. Rəng həllində isti qəhvəyi, qızılı və yaşıl tonlar üstünlük təşkil edir. Bu rənglər obrazın aristokrat mənşəyini və milli mühitlə bağlılığını vurğulayır. Rəssam işıq-kölgə münasibətlərindən istifadə etməklə portretə həcm və canlılıq qazandırmışdır. Əsərdə Natəvanın əlində kitabın təsviri onun maarifçi və şairə fəaliyyətinə işarə edir. Kitab burada biliyin, mədəniyyətin və mənəvi inkişafın rəmzi kimi çıxış edir”, -deyə A.Xəlilov əlavə edib.
Müxbir – Fidan Əlizadə
Mənbə: https://azertagaz/