Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin ildönümü münasibətilə Prezident Kitabxanasında videoçarx hazırlanıb, həmçinin ənənəvi kitab sərgisi təşkil edilib.

Bu barədə AZƏRTAC-a Prezident Kitabxanasından məlumat verilib.

Bildirilib ki, videoçarx və sərgi Azərbaycanın müasir tarixində yeni inkişaf mərhələsinin əsasını təşkil edən 1969–1982-ci illərdə respublikada həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni dəyişiklikləri, eləcə də həmin dövrdə formalaşdırılan dövlətçilik ənənələrinin ölkənin sonrakı inkişafındakı rolunu əhatə edir.

Videoçarxda foto və videogörüntülər əsasında 1969–1982-ci illərdə respublikanın inkişafında mühüm rol oynamış proseslər ümumiləşdirilmiş şəkildə təqdim olunur. Burada sənayeləşmənin sürətləndirilməsi, iqtisadi potensialın möhkəmləndirilməsi, regionların sosial-iqtisadi inkişafı, kənd təsərrüfatında əldə olunmuş nailiyyətlər, milli kadr hazırlığı sisteminin gücləndirilməsi, təhsil və mədəniyyət sahələrində həyata keçirilən tədbirlər, habelə gələcək müstəqil dövlət quruculuğu üçün möhkəm zəmin formalaşdıran strateji yanaşmalar arxiv materialları və tarixi faktlar əsasında nümayiş etdirilir.

Prezident Kitabxanasında təşkil olunmuş ənənəvi kitab sərgisində Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif mərhələlərini, milli dövlət quruculuğu prosesindəki müstəsna xidmətlərini, müasir Azərbaycan dövlətinin inkişafında oynadığı tarixi rolu və zəngin dövlətçilik irsini əks etdirən müxtəlif dillərdə nəşr olunmuş kitablar nümayiş etdirilir. Ekspozisiyada dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyasının konseptual əsasları, milli maraqlara söykənən daxili və xarici siyasət kursu, enerji strategiyası, dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi, Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasət, yaradıcı və elmi ictimaiyyətlə münasibətlər, milli mətbuatın inkişafı, habelə ictimai-siyasi fikrin formalaşmasına təsiri ilə bağlı elmi, sənədli, bioqrafik və memuar xarakterli nəşrlər təqdim edilir. Sərgidə toplanmış nəşrlər Heydər Əliyev irsinin müxtəlif istiqamətlərinin araşdırılması, Azərbaycanın müasir siyasi tarixinin və dövlətçilik ənənələrinin elmi tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti və dövlətçilik irsi haqqında daha geniş məlumat əldə etmək istəyən oxucular Prezident Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron sənədlər toplusu” layihəsindən istifadə edə bilərlər. Mövzu üzrə sistemləşdirilmiş kitabları, dövri mətbuat materiallarını, rəsmi sənədləri, fotoşəkilləri və digər mənbələri bir araya gətirən elektron resurs tədqiqatçılar, mütəxəssislər, müəllimlər, tələbələr və geniş oxucu auditoriyası üçün dəyərli istinad və elmi informasiya mənbəyi olmaqla bərabər Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsinin və Azərbaycanın müasir siyasi tarixinin daha dərindən öyrənilməsinə xidmət edir.

Mənbə: https://azertag.az/